Aviasiya meteorologiyası kafedrası 1994-cü ildə yaradılmışdır.  

Kafedra aşağıdakı ixtisas (ixtisaslaşmalar) üzrə bakalavr və magistr hazırlığını həyata keçirir: 

Hidrometeorologiya

  • Aviasiya meteorologiyası
  • İqlimşünaslıq.

Kafedranın prioritet istiqaməti mülki aviasiya uçuşlarının meteoroloji təminatının keyfiyyətli təşkilinin həyata keçirilməsi məqsədilə müasir və qabaqcıl texnologiyaları, yenilikləri mənimsəyən istedadlı, savadlı bakalavr və magistrlərın hazırlanmasıdır. Kafedrada tədris olunan fənlər aviasiya meteorologiyasının bütün müasir aspektlərini və sahələrini tam əhatə edir. Bu məqsədlə kafedranın nəzdində Havada hərəkətin idarə edilməsi, Uçuş mühəndisliyi və Aviasiya meteorologiyası ixtisasları üzrə ixtisaslaşdırılmış auditoriyalar yaradılmışdır.

İxtisaslaşdırılmış auditoriyalarda aviasiya meteoroloji təminatında tətbiq olunan müasir texnoloji sistemlər quraşdırılmışdır:

  • Avtomatik meteoroloji müşahidə sistemi (AWOS);
  • Doppler meteoroloji radiolokatoru (WRM 200);
  • Uçuşların meteoroloji təminatı üçün meteoroloji peyk məlumatı sistemi (SADİS 2 G);
  • Meteoroloqların və uçuş heyətinin uçuşqabağı avtomatlaşdırılmış brifinq sistemi (Meteo Briefing);
  • Qlobal geostasionar və orbital meteoroloji peyklərdən bulud sahələrinin fəzada paylanması haqqında məlumatların yerüstü qəbul sistemi (Skyceiver).

Auditoriyalar həmçinin ICAO və Ümumdünya Meteoroloji Təşkilatının tələbləri əsasında hazırlanmış əyani tədris vəsaitləri, stend və plakatlarla təchiz olunmuşdur.  

Kafedra tərəfindən Milli Aviasiya Akademiyasının ərazisində salınmış Texnoparkda avtomatik meteoroloji müşahidə stansiyası quraşdırılmışdır. Həmin meteoroloji stansiyanın sensorları vasitəsilə sutka ərzində fasiləsiz avtomatik meteoroloji ölçmə və müşahidələr aparılır, məlumatlar arxivləşdirilir. Sistemdən istifadə qaydaları, əldə olunan faktiki və arxiv məlumatları tədrisdə tətbiq edilir.

Kafedranın bütün tədris-tanışlıq və istehsalat təcrübələri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Aviasiya Meteoroloji Mərkəzində təşkil edilir. Təcrübələr zamanı tələbə və magisrtantlar aerodromlarda aviasiyanın operativ meteoroloji təminatın praktiki məsələləri ilə bilavasitə tanış olurlar.

Kafedranın əməkdaşları tərəfindən ümumilikdə 460-dan çox elmi əsər, dərslik və monoqrafiyalar, dərs vəsaitləri, metodik vəsaitlər və s. işlənib tərtib edilmişdir. Kafedrada bir neçə istiqamət üzrə elmi araşdırmalar və tədqiqatlar üzərində iş aparılır. Bunlar əsasən aviasiya meteorologiyasının fundamental problemlərinə, mülki aviasiya uçuşlarının meteoroloji təminat məsələlərinə, təhlükəli meteoroloji hadisələrin fiziki-statistik təhlilinə və proqnoz üsullarına, müasir iqlim dəyişmələrinə antropogen amillərin və eləcə də hava nəqliyyatının təsirinin qiymətləndirilməsi, beynəlxalq reqlamentləşdirici rəhbər sənədlərin operativ praktikada tətbiqi və onların tədrisi və s. məsələlərdir.

Kafedranın əməkdaşları 16 nəfər olmaqla, əsasən istehsalatın müxtəlif sahələrindən dəvət edilmiş yüksək səviyyəli ixtisasçılardan və mütəxəssislərdən təşkil edilmişdir:

 

1. Nazim Hüseynov – t.e.d., professor, kafedra müdiri

2. Rza Mahmudov – c.e.d., professor

3. Səid Səfərov – c.e.d., dosent

4. Yusif Hadıyev – c.e.n., dosent

5. Nəriman Paşayev – c.e.n., dosent

6. Güllü Məmmədova – baş müəllim

7. Bəhruz Məlikov – t.f.d., baş müəllim

8. Aqil Hacıyev – müəllim

9. Ravil Mürsəlov – müəllim

10. Quliyev Zakir – müəllim

11. Qasımov Əli- müəllim

12. İslamova Rəna - müəllim

13. Ağayeva Ayğün - müəllim

14. Abdullayev İmran - müəllim

15. Mahmud Süleymanov – baş laborant

16. Məhsudə Əbiyeva – laborant.

 

Kafedra müdiri Nazim Şəkər oğlu Hüseynov

gallery/clip_image002

Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Ordubad rayonunda anadan olmuşdur.  O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985-1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə

texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Onun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, “Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları”, “BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri”, “Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi” mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir. Onun elmi tədqiqatlarının nəticələri aşağıdakı elmi konfranslarda məruzə olunmuşdur:

4th European Conference on Severe Storms (ECSS 2007). The Abdus Salam International Center for Theoretical Physics, 10-14 September 2007, Trieste- ITALY;
EMS European Conference on Applied Climatology, 29- 03.10.2008, Amsterdam, Netherlands;
5th EGU General Assembly, 13 – 18 April 2008, Vienna, Austria;
ECSS2013 7th European Conference on Severe Storms 3-7 June 2013, Helsinki, Finland;
EMS/ECAM Annual Meeting of European Meteorological Society 2013, London, UK.

Nazim Hüseynov 2002-ci ildən Milli Aviasiya Akademiyasında elmi-pedaqoji fəaliyyətə başlamışdır və bu dövrdə onun müəllifliyi və həmmüəllifliyi ilə 16 metodik vəsait və monoqrafiya çapdan buraxılaraq tədrisdə tətbiq olunmuşdur. O, 2013-cü ildən Milli Aviasiya Akademiyasının “Aviasiya meteorologiyası” kafedrsının müdiri vəzifəsinə təyin olunmuşdur.

O, kafedrada gənc elmi tədqiqatçıların, dissertantların yetişməsinə, onların elmi işlərinə bilavasitə rəhbərlik edir.

Nazim Hüseynov bir sıra beynəlxalq elmi cəmiyyətlərin o cümlədən, Amerika Meteoroloji Cəmiyyəti və Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvüdür.

O, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) METG işçi qrupunun aviasiya meteorologiyası üzrə eksperti olmaqla İCAO-nun müşavirələrində müntəzəm iştirak edir.  O, 2014-cü ildə Kanadanın Monreal şəhərində keçirilən İCAO və WMO Ümumdünya Meteoroloji təkilatının müştərək konfransında, 2010-cu ildə Ümumdünya Meteoroloji Təşkilatının Honkonq şəhərində keçirilən Aviasiya Meteorologiyası Komissiyasının konfransında iştirak etmişdir. O, Dövlətlərarası Aviasiya Komitəsinin (MAK) Aviasiya Meteorologiyası üzrə Koordinasiya Şurasının həmsədridir.

Azərbaycan Respublikasının Mülki Aviasiyasında uzun illər səriştəli xidmətinə görə Nazim Hüseynov bir çox fəxri fərmanlarla o cümlədən, Azərbaycan Respublikasnın Mülki Aviasiyasının 75 illiyi yubiley medalı ilə təltif olunmuşdur.

Elm və tədrisdə nailliyyətlərinə görə Nazim Hüseynov 2013-ci ildən professor elmi adına layiq görülmüşdür.

Nazim Hüseynov hal-hazırda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəisi vəzifəsində çalışır.

Əlaqə tel:  (+994 12) 497 26 00 (20-75, 22-14);  (+994 12) 497 17 14

Email: dr.Nazim@azans.az.